PSJ yay transfer pəncərəsində “Bavariya”nın müdafiəçisi Lukas Hernandesi ala bilər.
“Yacnut” xəbər “Lent.az”a istinadən bildirir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Qeyd olunur ki, Paris klubunun rəhbərliyi 27 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Eyni zamanda, futbolçu karyerasını vətənində davam etdirmək istəyi ilə bağlı Münhen bosslarını xəbərdar edib.
Mənbənin məlumatına görə, müdafiəçinin transferinin məbləği 35-40 milyon avro təşkil edəcək.
Xatırladaq ki, Hernandes 2019-cu ilin iyulundan “Bavariya”da çıxış edir. Ümumilikdə o, klubda 107 oyun keçirib, iki qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır.
Fransa millisinin tərkibində müdafiəçi 2018-ci ildə dünya çempionu olub.