Tarixdə iz buraxanlar: Makedoniyalı İsgəndər
Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı və Argeadlar sülaləsinin nümayəndəsi, qədim dünyanın məşhur fatehi, sərkərdəsi və hökmdarı İsgəndər eramızdan əvvəl 21 iyul 356-cı ildə anadan olub. İsgəndər adı ona ulu əcdadı olan Makedoniya padşahı I Aleksandrın şərəfinə verilib.
Argeadlar sülaləsinin bütün nümayəndələri kimi İsgəndərin atası, Makedoniya padşahı II Filipp də özünü Heraklın nəslindən hesab edirdi. Anası Olimpiada isə Epir padşahının qızı idi.
Əfsanəyə görə, bir gün Olimpiada yuxuda görür ki, onu ildırım vurur. Bu zərbədən güclü alov törəyir və sürətlə hər tərəfə yayılır. Sonra isə bütün dünyanı bürüyür və ani olaraq da sönür. Yuxuyozanlar bildirir ki, onun oğlu olacaq, bütün dünyanı fəth edəcək və çox az yaşayacaq.
Qədim yunanların adətinə görə, İsgəndər yeddi yaşınadək evin qadınlar olan hissəsində anası və dayəsinin yanında yaşayır. İsgəndər möhkəm, cəld və cürətli böyüyürdü. Uşaqlığında himayədarları ilə savaşda və idman yarışlarında həmişə qələbə qazanırdı. O, daim müharibələrdə də qələbə qazanmaq arzusu ilə yaşayırdı. Yeddi yaşı tamam olduqdan sonra İsgəndər ənənəyə əsasən evin kişilər yaşayan hissəsinə keçirilir. Burada onunla döyüş və hərbi işə hazırlıq üçün ciddi məşğələlər aparılır. İsgəndər əvvəlcə öz yaşıdları ilə at sürməyi öyrənir. Mürəkkəb fiziki hərəkət tələb edən tapşırıqların yerinə yetirilməsində, silahla davranmaqda ona tay tapılmırdı. Bir dəfə fessaliyalı yunan taciri Filonik Filippə bir at almağı təklif edir. O bunun üçün 30 talant məbləğində pul istəyir. Hamı bu məbləğin çoxluğundan heyrətlənsə də, fessaliyalı təkid edir ki, belə at dünyada yeganədir, buna görə də bu qiymətə dəyər. Fəqət minilməmiş ata yaxın düşmək olmur. Ən mahir və ən güclü minicilər belə ona yaxınlaşa bilmir. Filipp acıqlanır və atı almaqdan imtina edir. Bu zaman gənc İsgəndər qışqıraraq:”Gör qorxularından necə atı əldən verirlər!” – deyir. Bu sözləri eşidən Filipp qəzəblənir və İsgəndərə ata minməyi təklif edir. İsgəndər atın yüyənindən tutub onu günəşə tərəf çevirir. O başa düşür ki, at öz kölgəsindən qorxur. Cəld atın belinə atılır və çapmağa başlayır. Filipp və əhatəsi baş verənlərə qorxu ilə tamaşa edir. Fəqət İsgəndər miniciliyin bütün qaydalarına məharətlə əməl edir, dövrəni başa vuraraq Filippin qarşısında atdan düşür. Filipp göz yaşları içində oğlunu öpür və belə deyir: “Oğul, özünə münasib şahlıq axtar, Makedoniya sənin üçün çox kiçikdir!”
Filipp istəyirdi ki, oğlu yaxşı təhsil alsın. Buna görə də İsgəndərin 13 yaşı tamam olanda ona təhsil vermək üçün dövrün ən məşhur filosofu Aristoteli saraya dəvət edir. Aristotelin atası Makedoniya padşahının sarayında həkim işləmiş və Filiplə Aristotel uşaqlıqda bir yerdə oxumuşdu. Aristotel İsgəndərin müəllimi olur və Miezadakı Nimfalar məbədi dərs keçmək üçün məkan olaraq seçilir. İsgəndərə dərs verməyin əvəzində Filipp yerlə-yeksan etdiyi Aristotelin vətəni Staqiri yenidən inşa etmək və kölə olmuş köhnə sakinləri satın alıb azad edərək, sürgündə olanları isə bağışlayaraq şəhəri yenidən doldurmaq şərtini qəbul edir.
İsgəndər coğrafiya məşğələlərinə xüsusi səy göstərirdi. O, Aristoteldən çox şey öyrənir və hətta onu özünün “ikinci atası” adlandırır. İsgəndər öz dostlarına belə deyirdi: “Filippə borcluyam ona görə ki, məni həyata gətirən odur. Aristotelə isə mənə həyatı öyrətdiyinə görə borcluyam.”
İsgəndər 16 yaşına çatdıqda Aristotelin ona dərs keçmə dövrü başa çatır. Filipp İsgəndəri naib və varisi kimi öz yerinə qoyaraq səfərə çıxır. Atası səfərdən geri qayıdana qədər gənc İsgəndər qiyam etmiş tayfaları tabe etməyi bacarır. Hətta İran elçilərini qəbul edərək, öz ağlı və zəkası ilə onları nəinki təəccübləndirir, hətta qorxuya salır. İsgəndər qürur və ləyaqətini müvəffəqiyyətlə qoruyur, özünün hökmdar mənşəyini heç vaxt unutmurdu. Belə deyirlər ki, dostları ona Olimpiya oyunlarında iştirak etməyi təklif etdikdə o belə deyir: “Əgər rəqibim şahlar olacaqsa, iştirak edərəm.”
Filipp və İsgəndər farslarla müharibəyə hazırlaşır. Bu məqsədlə Kiçik Asiyaya təcrübəli sərkərdə Parmenionun başçılığı ilə ordu da göndərirlər. Fəqət ailə daxilində baş verən hadisələr onların bütün planlarını alt-üst edir. Olimpiada ilə Filipp arasındakı münasibətlər getdikcə pisləşir. Nəticədə, Filipp Olimpiadadan ayrılaraq öz yaxın əyanlarından biri olan Attalın qohumu Kleopatra ilə evlənir.
Toy şənliklərindən sonra qonaqlar teatra yollanır. Padşahın məiyyəti arasında olan Pavsaniya qəflətən paltarının altında gizlətdiyi qılıncı çıxararaq Filippi vurur. Mühafizəçilər onu dərhal öldürür. Eradan əvvəl 336-cı ildə Filipp İsgəndərin qolları arasında ölür.
Filippin sərkərdələri yaxşı başa düşürdülər ki, onlara cəsur bir hökmdar lazımdır. Onlar hərbi şuraya toplaşaraq İsgəndəri padşah elan edirlər. İsgəndər dərhal atasının qatili ilə bağlı istintaqa başlayır. Padşahlıq taxtına hüququ olanların hamısı Filippin qətlində bu və digər dərəcədə təqsirləndirilərək edam olunur. Belə şayiə gəzirdi ki, məhz Olimpiada özü Pavsaniyanı Filippi öldürməyə təhrik edib.
Beləliklə, e.ə.336-cı ildə iyirmi yaşlı İsgəndər hökmdar olur. Bu zaman hər tərəfdən onu təhlükə hədələyirdi. Şimalda vaxtilə Filippin tabe etdiyi triballar üsyan edirdilər. Cənubda Yunanıstan Filippin ölümünü sevinclə qarşılamışdı və Korinf ittifaqının dağılması arzusunda idi. Demosfen Afinada bayram paltarında gəzir və öz nitqlərində İsgəndəri “oğlancığaz” adlandırırdı. Farslar Parlamenionun Kiçik Asiyadakı ordusunu sıxışdırırdı.
Təcrübəli əyanlar gənc hökmdara məsləhət görür ki, əhəmənilərlə müharibədən imtina etsin, yunanların işinə qarışmasın və üsyançılarla razılığa gəlməyə cəhd etsin. Fəqət bunun əksinə olaraq İsgəndər təcili şəkildə öz ordusunu toplayır və bir neçə döyüşdə tribalları darmadağın edir. Onlarla qonşu olan və II Filippin ölümündən sonra baş qaldıran illiriyalılar isgəndərin bu qələbəsindən xəbər tutub sakitləşir.
İsgəndər Asiyaya keçməzdən əvvəl şimal sərhədlərini mühafizə etmək istəyirdi. Eramızdan əvvəl 335-ci ilin yazında o, bir sıra qiyamları yatırtmaq üçün hücum edir. Amfipolisdən başlayaraq “Müstəqil trakiyalılar”ın ölkəsinə səfər edir. Himes dağında Makedoniya ordusu yüksəklikləri tutan Trakiya ordusuna hücum edir və onları məğlubiyyətə uğradır. Makedoniyalılar Tribali ölkəsinə yürüş edir və Liginis çayı yaxınlığında onların ordusunu məğlub edir. Daha sonra İsgəndər Dunaya doğru irəliləyir və qarşı sahildə olan Qeta qəbiləsi ilə qarşılaşır. Gecə çayı keçərək düşmənə qəfil hücum edir və ilk süvari toqquşmasından sonra onları geri çəkilməyə məcbur edir. Bu qələbədən sonra İsgəndərə xəbər çatır ki, İlliriqa çarı Klit və Tavlantı çarı Olavkiya onun hakimiyyətinə qarşı açıq qiyam edirlər. İsgəndər qərbə, İlliriyaya yürüş edərək onların hər birini məğlub edir və hər iki hökmdarı orduları ilə qaçmağa məcbur edir. Bu qələbələrlə İsgəndər şimal sərhədini möhkəmləndirir.
İsgəndər şimala yürüş edəndə fibalılar bir daha üsyan edir. Bunu eşidən İsgəndər dərhal cənuba doğru hərəkət edir. Bəzi şəhərlər tərəddüd edərkən Fiba döyüşməyə qərar verir. Fəqət Fibanın müqaviməti səmərəsiz qalır. İsgəndər şəhəri yerlə-yeksan edir və onun ərazisini Boetiya şəhərləri arasında bölür. Fibanın sonu Afinanı qorxudur və bütün Yunanıstanda müvəqqəti olaraq sülh hakim olur. İsgəndər Antipatrı yerinə naib qoyaraq Asiya yürüşünə başlayır.
İsgəndərin ordusu eramızdan əvvəl 334-cü ildə Hellespontu keçir. O, Asiya torpağına nizə ataraq və Asiyanı Uca Tanrıdan hədiyyə kimi qəbul etdiyini deyərək İran imperiyasının tamamını işğal etmə niyyətini göstərir. Bu həm də İsgəndərin diplomatiyanı üstün tutan atasının əksinə olaraq müharibə etmək istəməsini göstərirdi. Qranik döyüşündə farslara qarşı ilk qələbədən sonra o, İoniya sahili boyunca hərəkət edir.
Bundan sonra İsgəndər III Daranın təqibini davam etdirir. Tezliklə ona xəbər gəlir ki, fars ordusunun komandanı Bess III Daranı əsir götürüb və özünü Əhəməni hökmdarı elan edib. Makedoniyalı atlıları on bir gün sonsuz çöllərlə Bessi təqib edir və nəhayət ona çatırlar. Vəziyyəti belə görən Bess araba karvanını tərk edərək özünə sadiq döyüşçülərlə qaçıb gizlənir. Arabaların birində İsgəndər III Daranın meyitini görür. Onun yanında yalnız sadiq iti qalmışdı. İsgəndər öz plaşını çıxararaq meyitin üstünə örtür. Sonradan onun əmri ilə III Dara hökmdara layiq təntənə ilə dəfn edilir. III Daranın qatili Bess isə ələ keçirilərək edam olunur. Eradan əvvəl 330-cu ildə Daranın və Bessin öldürülməsindən sonra İsgəndər İran dövlətinin tamhüquqlu hökmdarına çevrilir.
Makedoniyalı sərkərdələrin bir çoxu belə hesab edirdi ki, artıq müharibə qurtarıb və İsgəndər İran üzərinə xərac qoyaraq Makedoniyaya qayıtmalıdır. Fəqət Makedoniya padşahı bu barədə heç düşünmək belə istəmirdi. O, fars döyüşçü dəstələri ilə tamamlanmış Makedoniya ordusu ilə Hindistan üzərinə yürüşə başlayır. Bir çoxları səfərə çıxarkən ümid edirdi ki, bu yürüş sonuncu olacaq və onlar nəhayət doğma Makedoniyaya qayıdacaqlar. Makedoniya ordusu e.ə.326-cı ildə Hind padşahı Porun torpaqlarına soxulur. Por böyük bir ordu toplayır. Gidasp çayı sahilində döyüş baş verir. Bu döyüşdə Por özü xüsusi igidlik göstərir. Fəqər İsgəndərin süvari dəstələri düşmənə güclü zərbə endirərək onun arxasına keçməyə nail olur. Nəticədə makedoniyalılar döyüşü udur. Por ağır yaralanaraq əsir düşür.
İsgəndər hind padşahının igidliyini yüksək qiymətləndirir. Onu öz torpaqlarının hökmdarı kimi tanıyır və özünün Şərqə getmək niyyətini açıqlayır. Por izah edir ki, Şərqdə güclü orduya malik digər knyaz və padşahlıqların torpaqları yerləşir. Bu yol çox uzun və təhlükəlidir. Makedoniya ordusu da irəli getməkdən imtina edir. Bundan sarsılan İsgəndər bir neçə gün öz çadırından bayıra çıxmır. Bir neçə gün sonra hökmdar evə qayıtmaq istəyənlərin hamısını mükafatlandırır və onları yola salır. Qalanlar isə yeni səfərə hazırlaşır. İsgəndər gəmilərlə bütün Afrikanı dolaşıb Aralıq dənizinə gəlməyi, İspaniya, İtaliya və Karfageni tutmağı planlaşdırırdı. Artıq yunan mühəndisləri Babili dəniz limanına çevirmək üçün Fərat çayının enləndirilməsinə başlamışdılar. İsgəndər Babili özünün dünya imperiyasının paytaxtına çevirmək istəyirdi.
Eradan əvvəl 323-cü ildə İsgəndər qəflətən qızdırma xəstəliyinə tutulur. O getdikcə zəifləyirdi. Nə həkimlərin müalicəsi, nə də kahinlərin duaları ona kömək edirdi. İyun ayının 10-da dünya fatehi vəfat edir.
Onun ölümündən sonra sərkərdələr arasında müharibələr başlayır. Əvvəlcə onlar padşahın meyitinə sahiblik uğrunda, sonralar isə hakimiyyət və torpaq uğrunda vuruşurlar. Nəticədə İsgəndərin meyiti sərkərdə Ptolomeydə qalır. İmperiyanın bölüşdürülməsi zamanı Misir onun payına düşür. Ptolomey İsgəndərin meyitini qızıl tabutda aparıb İsgəndəriyyə şəhərində dəfn edir.
Makedoniyalı İsgəndər qeyri-adi imkanlara malik olan nadir və bənzərsiz tarixi bir şəxsiyyət idi. O, yüksək fiziki keyfiyyətlərə – güc, çeviklik və sağlamlığa malik idi, kiçik və böyük döyüşlərin heç birində bir dəfə də olsun məğlub olmamışdı. İsgəndər həm ordusuna komandanlıq edir, həm də həmişə ön sıralarda, ən təhlükəli yerlərdə döyüşürdü. Bütün bunlarla yanaşı o, xeyirxahlığı və alicənablığı ilə də seçilirdi.
Məlumatlar “anl. az” saytından video isə Cavit Pancar YouTube kanalından götürülmüşdür.